Qərbi Azərbaycan ilə bağlı kitablar
|
3.4.2024
|
|
Qarabağ xanlığı Gülüstan və Türkmənçay müqavilələri ilə ilhaq edildikdən sonra həmin ərazilərdə müxtəlif vaxtlarda siyahıyaalmalar aparılmış və Kameral təsvirlər tərtib edilmişdir. Oxuculara təqdim edilən Nazir Əhmədlinin “Zəngəzur qəzasının Kameral təsviri” adlı kitabına Qarabağ xanlığına daxil olan Zəngəzur qəzasının 1874-cü ildə tərtib edilmiş Kameral təsviri daxil edilmişdir. Kitabda əsasən Zəngəzur qəzasının XIX əsrin II yarısı – XX əsrin əvvəllərində mövcud olan siyasi, iqtisadi və demoqrafik vəziyyəti araşdırılmışdır. 1868-ci ildə Yelizavetpol quberniyasının yaradılması ilə əlaqədar olaraq Şuşa qəzasının bir hissəsində Zəngəzur qəzası yaradılmış və Meğri mahalı Ordubad qəzasından alınaraq Zəngəzur qəzasına birləşdirilmişdir. Zəngəzur qəzası 4 mahala – Meğri, Qafan, Zəngəzur və Sisyan mahallarına bölünmüşdür. 1921-ci ildə, Ermənistanın sovetləşdirilməsi ərəfəsində Zəngəzur qəzası Rusiyanın rəhbərliyi tərəfindən Ermənistana verilmişdir. Kitabda ilhaqdan əvvəl Zəngəzur qəzasının ərazisində 4 polis sahəsi, bir neçə kəndi birləşdirən kənd icmaları, həmçinin, Zəngəzur qəzasının əhalisinın türk mənşəli tayfaları - Sofulu, Puşanlı, Baharlı və s. haqqında məlumatlar verilmiş, əhalinin say tərkibi, artımı, yaş məsələləri statistik rəqəmlərlə göstərilmişdir. Zəngəzur qəzasından olan məşhur adamlar haqqında eləcə də, Ümummilli Lider Heydər Əliyevin və Xalq şairi Məmməd Arazın nəsil şəcərələrinin Zəngəzurda yaşayan tayfalardan olduğunu əks etdirən maraqlı faktlar toplanmışdır. Kitabda həmçinin yerli idarətmədə kəndlilərin kənd təsərrüfatı, heyvandarlıq, əkinçilik, quşçuluq məşğuliyyəti, icma torpaqlarından istifadəsi, hər ailəyə düşən mal-qara sayı, becərilən kənd təsərrüfatı məhsullarının ümumi həcmi, əhalinin vergi və mükəlləfiyyətləri arxiv sənədləri və faktlara əsaslanaraq təhlil edilmişdir. Kitabın “Əlavələr” hissəsində isə 1863-cü ildə Zəngəzurun bəyləri, ruhaniləri və seyidləri haqqında məlumatlar verilmişdir.
|
|