Yubiley tədbiri keçirilmişdir
|
5.4.2024
|
|
05 aprel 2024-cü il tarixində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şair Tofiq Mütəllibovun anadan olmasının 95 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq bildirmişdir ki, Tofiq Mütəllibov 30-a yaxın kitabın müəllifi olmuş, 300-dən çox şeirinə mahnı bəstələnmişdir. Onun şeirlərində vətənin tərənnümü, Azərbaycan təbiətinin vəsfi, insan və onun mənəvi dünyası, xalqımızın keçdiyi tarixi yollar, böyük sənətkarların, söz ustalarının, tarixi qəhrəmanların, əmək cəbhəsində hünər göstərənlərin şeir-portretləri təsvir edilmişdir.
Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının İnformasiya-resurs şöbəsinin müdiri Güləsər Hüseynova “Şair, Əməkdar incəsənət xadimi – Tofiq Mütəllibov” və kitabxanaçı Aytən Məmmədova “Şairin şeirlərində vətən, yurd sevgisi, təbiət gözəlliklərinin tərənnümü” adlı mövzularla çıxış edərək bildirmişlər ki, nəğməkar şair Tofiq Mütəllibov 1929-cu il aprel ayının 13-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuş, orta təhsilini doğma şəhərdə aldıqdan sonra Bakıya getmiş, Azərbaycan Dövlət Universitetində təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə "Pioner" jurnalında başlayan Tofiq Mütəllibov müxbir, məsul katib işləmiş, daha sonra Televiziya ve Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri” qəzetində şöbə müdiri vəzifələrində çalışmışdır. Şairin "Zəfər" adlı ilk mətbu şeiri “Azərbaycan pioneri” qəzetində dərc edilmişdir. İlk kitabı – “Bəxtəvər uşaqlar” isə 1953-cü ildə Uşaq-Gənclər Nəşriyyatı tərəfindən çap edilmişdir. Şair bu kitabına Azərbaycan musiqisinin incilərindən olan “Cücələrim” mahnısının sözlərini daxil etmişdir. Tofiq Mütəllibovun şeirlərinin say etibarilə çox hissəsi Azərbaycanın, onun gözəlliklərinin tərənnümünə həsr edilmişdir. Şair maraqlı pyeslər də qələmə almışdır. 1981-ci ildə Azərbaycan Dövlət Kukla Teatrında müəllifin “Meşə nağılı", sonrakı illərdə "Danışan qayalar“ pyesləri, Azerbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə “Cücələrim“ alleqorik pyesi tamaşaya qoyulmuşdur.
Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun tələbələr olmaqla 29 nəfər iştirak etmişdir.
|
|