"Ramiz Mirişli - 90"
|
15.4.2024
|
|
16 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Xalq artisti, öz əsərləri, xüsusən də mahnıları ilə sevilən bəstəkarımız Ramiz Mirişlinin anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Ramiz Mirişli – 90” adlı sərgi təşkil edilmişdir.
Sərgidə nümayiş edilən G. İsmayılovanın “Bəstəkar Ramiz Mirişli” kitabı görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, professor Ramiz Mirişlinin həyat və yaradıcılıq yoluna, pedaqoji və ictimai fəaliyyətinə həsr olunmuşdur. Kitabda bəstəkarın müxtəlif məzmunlu mahnıları, simfonik əsərləri, xalq çalğı alətləri orkestri üçün “Konsert”i və səhnə əsərləri araşdırılmışdır. J. Qulamovanın “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tamaşalarında musiqinin rolu və əhəmiyyəti” kitabında Naxçıvan teatrı ilə əlaqələri olan bəstəkarların, o cümlədən Ramiz Mirişlinin yaradıcılığına nəzər salınmış, 1960-1980-ci illərdə Naxçıvan teatrında oynanılan dram tamaşalarında musiqiləri təhlil edilmişdir. “Naxçıvan ensiklopediyası”nın 2-ci cildində Ramiz Mirişli haqqında ensiklopedik məlumat verilmişdir. R. Kərimovun “Naxçıvan musiqi mədəniyyətindən: musiqi təhsili”, T. Vahidin “Doxsan imza”, J. Qulamovanın “Naxçıvan Muxtar Respublika Bəstəkarlar Təşkilatının 30 ildə keçdiyi yaradıcılıq yolu”, “Mirişli ocağının işığı” kitablarında da bəstəkarın həyat və yaradıcılıq yolu işıqlandırılmışdır. Mədəni-maarif jurnalının 2011-ci ildə nəşr edilmiş 12-ci sayında N. Şahməmmədovanın “Bəstəkar Ramiz Mirişlinin yaradıcılıq cizgiləri” məqaləsi dərc edilmişdir. Məqalədə ömrünü sənətə bağlamış sevimli bəstəkarımız Ramiz Mirişlinin çoxşaxəli bəstəkarlıq fəaliyyəti işıqlandırılmışdır. Qobustan jurnalının 1972-ci ildə nəşr edilən 2-ci sayında M. Əliyevin “Bu torpağa borcluyam” məqaləsində bəstəkarın səmimi söhbəti ilə qələmə alınmış mahnı yaradıcılığından bəhs edilir.
Sərgidə həmçinin, bəstəkarın qələmə aldığı əsərlər: “Azərbaycan dünyam mənim”, “Mənim ömrüm”, “Sənin bircə təbəssümün”, “Konsert”, “Azərbaycanım”, “Vətən düşüncələri”, ”Sən ucadan uca diyar”, “Kamança məktəbi” kitabları da nümayiş edilmişdir. Sərgi aprel ayının 24-dək nümayiş ediləcək.
|
|