Məmməd Məmmədov - 105
|
25.4.2025
|
|
25 aprel 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxana günü”nün keçirilməsi ilə bağlı bəstəkar Məmməd Məmmədovun anadan olmasının 105 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Naxçıvan musiqi mədəniyyəti tarixində elə sənətkarlar olub ki, milli musiqi tariximizə maraqlı səhifələr yazıb. Belə sənətkarlardan biri də ömrünü milli musiqimizin öyrənilməsi və təbliğinə həsr edən, gənc musiqiçilərin yetişməsində var-qüvvəsi ilə çalışan, böyük sevgi ilə sənətini yaşadan görkəmli bəstəkar, dirijor Məmməd Məmmədovdur.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Musiqi-not şöbəsinin müdiri Nailə Rəhimova “Məmməd Məmmədovun həyat və yaradıcılığı” və Ümumi oxu zalının müdiri Vəsilə Cəfərova “Naxçıvanda musiqi mədəniyyətinin inkişafında bəstəkarın xidmətləri” adlı mövzularla çıxış edərək bildiriblər ki, görkəmli sənətkar “Naxçıvan pioner və məktəblilər evi”ndə ilk dəfə çoxsəsli xorun bünövrəsini qoyub. Eyni zamanda “Naxçıvan pioner və məktəblilər evi”ndə yaratdığı və uzun müddət rəhbərlik etdiyi “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının fəaliyyəti bəstəkarın adı ilə bağlıdır. Məmməd Məmmədov eyni zamanda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə də əməkdaşlıq edib, Naxçıvan teatrının səhnəsində tamaşaya qoyulan 30-dan artıq müxtəlif janrlarda yazılmış əsərlərə musiqi tərtibatı verib. Kamera-instrumental musiqinin bir çox janrlarında əsərlər yazıb. Nəfəsli alətlər оrkestri üçün marşlar, pyeslər, fоrtepianо üçün “Kiçik prelüdiyalar”, klarnet və fоrtepianо üçün “Miniatürlər”, “Qaytağı”, truba və fоrtepianо üçün “Lirik rəqs”, “Vals” və s. onun məşhur əsərlərindəndir. Onun K. Ağayevanın “Оlaydım mən”, “Nəğmə çalır ürəyim”, M.Nəsirlinin “Dostluq mahnısı”, H. Razinin “Gənclik mahnısı” və s. şeirlərə yazdığı mahnılar “Naxçıvan təranələri” adlı nоt məcmuəsinə daxil edilib. Məmməd Məmmədovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilərək “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb.
Sonra elektron lövhədə bəstəkarın bəstələdiyi mahnılar səsləndirilib, sərgiyə baxış olub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun tələbələri olmaqla 28 nəfər iştirak edib.
|
|