|
Anım tədbiri keçirilib
|
|
1.5.2025
|
|
01 may 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin anım günü ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Məmməd Səid Ordubadi bütün ömrü və yaradıcılığı boyunca mənsub olduğu xalqın milli ruhunu, mənafeyini həm ürəyində, həm də qələmində daşımış sənətkarlardandır. O, milli kimliyini çox yaxşı dərk edir, bəzən açıq, bəzən qapalı şəkildə bunu öz əsərlərində əks etdirməkdən də çəkinmirdi. Məhz buna görədir ki, illər keçməsinə baxmayaq, o, indi də müasir yazıçı kimi oxunur və sevilir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Qeydiyyat bölməsinin müdiri Elnurə Əsgərova "Görkəmli nasir, dramaturq – Məmməd Səid Ordubadi" və baş kitabxanaçı İsmayıl Quliyev "Ədibin əsərlərində tarixilik" adlı mövzularla çıxış edərək bildiriblər ki, ədibin tarixi romanlarında həm tarixi, həm də müəllif təxəyyülündən yaranmış surətlər var. Lakin bu uydurma surətlər qələmə alınan dövrün səciyyəvi cəhətlərini özündə əks etdirir. Roman yazmaq nə qədər çətin və ağır prosesdirsə, tarixi roman yazmaq ondan dəfələrlə ağır və böyük zəhmət tələb edən işdir. Çünki birinci növbədə müəllif müraciət etdiyi dövrü mükəmməl bilməli, həmin dövrdə yaşayan xalqın əxlaqını, adət-ənənələrini, məişətini dərindən öyrənməli, canlandırdığı tarixi şəxsiyyətləri araşdırmalıdır. Çoxşaxəli ədəbi fəaliyyət göstərən sənətkar dövrün mühüm ictimai-siyasi hadisələrini zəngin faktlar, sənədlər əsasında dolğun əks etdirən əsərləri ilə tanınır. Gənclik yaşından əməyə alışması, çalışqanlığı onun yaradıcılığına da təsir göstərmiş, dövrünün ustad ədibi və ictimai xadimi səviyyəsinə yüksəlmişdir. Yaradıcılığa şeirlə başlayan Məmməd Səid Ordubadi əlinə qələm aldığı ilk gündən özünün də dediyi kimi, "vətənçi" mövqeyində dayanmış, xalqı qəflətdən oyatmağa çalışmışdır. M.S.Ordubadi bədii yaradıcılıqda vətənçilik və azərbaycançılıq platformasının məğlubedilməz sərkərdəsi, bu məfkurəyə axıradək sadiq qalan qüdrətli sənətkardır. Ədib çoxşaxəli yaradıcılığı ilə həmişə xalqın yaddaşında yaşayacaqdır.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə IV kurs tələbələri olmaqla 26 nəfər iştirak edib.
|
|