Biblioqrafik icmal
|
11.6.2025
|
|
11 iyun 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında dahi bəstəkar, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə kitabxananın fondunda olan əsərlərinin biblioqrafik icmalı keçirilib.
İcmalı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Ü.Hacıbəyli XX əsr Azərbaycan musiqisinin böyük yaradıcısı olmaqla yanaşı, həm də musiqi tədqiqatçısı, onun əsaslarını dərindən bilən və şərh edən, sistemləşdirən görkəmli alimdir. Ü. Hacıbəyli istedadı, təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olub. Onun fəaliyyəti diqqət mərkəzində olub, musiqişünaslar və tədqiqatçılar tərəfindən daim öyrənilib.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Musiqi-not şöbəsinin müdiri Nailə Rəhimova “Dahi Azərbaycan bəstəkarı – Üzeyir Hacıbəyli” adlı mövzu ilə çıxış edərək bildirib ki, Azərbaycanda musiqi məktəbinin, ali musiqi təhsilinin yaranması, incəsənətin geniş inkişaf etməsi, dahi bəstəkarın adı ilə bağlıdır. O, 1908-ci ildə “Leyli və Məcnun” ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Bəstəkar bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazıb. Bəstəkarın “Koroğlu” operası yaradıcılığının zirvəsi hesab olunur. O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb. Ü.Hacıbəyli 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. “Sevgili canan”, “Sənsiz” romansları isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur. Dahi bəstəkar dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına layiq görülüb.
Sonra Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova dahi bəstəkarın kitabxananın fondunda olan kitabları haqqında məlumat verib.
Sonda sərgiyə baxış olub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 25 nəfər iştirak edib.
|
|