Milli Qurtuluş Günü
|
13.6.2025
|
|
13 iyun 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Milli Qurtuluş Günü münasibətilə "Azərbaycan tarixinin şanlı səhifəsi – 15 İyun Milli Qurtuluş Günü" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Ümummilli Liderimiz Heydər Əliyevdir.
Sonra Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Əzizə Süleymanzadə "Zəfər tariximizin başlanğıcı – 15 İyun Milli Qurtuluş Günü” və Qeydiyyat bölməsinin müdiri Elnurə Əsgərova “Naxçıvandan başlanan Qurtuluş yolu” adlı mövzularla çıxış edərək bildiriblər ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi "Azərbaycan" möhürü özümüzə qaytarıldı.
Sonra “15 İyun Milli Qurtuluş Günü” adlı sərgiyə baxış olub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 30 nəfər iştirak edib.
|
|