"Mütaliə Günü" keçirilib
|
10.10.2025
|
|
10 oktyabr 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Tibb Kollecində “Mütaliə Günü” ilə əlaqədar “Kitab – elm və mərifət dünyasına açılan qapıdır” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq bildirib ki, kitablar bizə yeni dünyalar açır, fərqli fikirlərlə tanış edir və həyatımıza yeniliklər qatır, həmçinin bizim düşüncə tərzimizi, davranışlarımızı formalaşdırır. Çox oxuyan insanda dil qabiliyyəti yüksək olur və hər yerdə öz intelekt səviyyəsi ilə başqalarından seçilir. Kitablar tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi öyrənmək və onları gələcək nəsillərə ötürmək üçün dəyərli vasitədir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Abonement şöbəsinin müdiri Nərmin Allahverdiyeva “Kitab oxumağın sirləri” və Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Kitab dünyaya açılan qapıdır” adlı mövzularla çıxış edərək bildiriblər ki, kitab oxumaq bu günün qlobal problemlərindən olan söz azlığını aradan qaldırır. Kitab oxumağın insan psixologiyasına faydaları elmi araşdırmalarla sübut olunub. Kitab oxumaq, beyində stres hormonunu azaldaraq zehnin rahatlamasına kömək edir. Ona görə də mütaliəyə ayırdığımız zaman heç vaxt hədər getməyəcək. Oxuduqca xəyal gücümüzün, düşüncə qabiliyyətimizin artmağına şahid oluruq. Millətimiz, vətənimiz, dövlətimiz üçün, xoşbəxt gələcəyimiz naminə hər kəs oxumalı, maariflənməlidir. Dahilər hər zaman kitaba böyük dəyər verib, mədəni tərəqqinin inkişafını yalnız kitab və mütaliədə görüblər.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, tələbələr mütaliə ilə bağlı fikirlərini bildiriblər.
Sonda Naxçıvan Tibb Kollecinin kitabxana müdiri Leyla Əliyeva tədbirin təşkili üçün kitabxana rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və Naxçıvan Tibb Kollecinin tələbə və müəllim kollektivi olmaqla 92 nəfər iştirak edib.
|
|