|
"Mədinənin bəlalı məhəbbəti"
|
|
2.2.2026
|
|
02 fevral 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında istedadlı qələm sahibi, yazıçı və jurnalist Hüseyn Əsgərovun “Mədinənin bəlalı məhəbbəti” adlı kitabının təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Hüseyn Əsgərov peşəkar jurnalist kimi deyil, yazıçı kimi də şöhrət qazanıb. Onun özünəməxsus yaradıcılıq üslubu var. İstedadlı qələm sahibi yazılarında həmişə cəmiyyəti narahat edən, dövrümüzün aktual problemlərinə toxunub.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, şair, dramaturq Asim Yadigar “Hüseyn Əsgərovun bədii yaradıcılığı və tərcümələri”, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov “Hüseyn Əsgərovun hekayələrində ictimai-siyasi həyatın təsviri”, AMEA Naxçıvan Bölməsinin İncəsənət Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramiz Qasımov “Hüseyn Əsgərovun çoxcəhətli yaradıcılığı”, Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti Muxtar Məmmədov “Hüseyn Əsgərovun publisistikası” və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Hüseyn Əsgərovun yaradıcılığında Naxçıvan mövzusu” ilə çıxış edərək bildiriblər ki, H. Əsgərovun ilk qələm təcrübəsi Mirzə Cəlil ənənələrinə söykənib. O həmişə müasirliyə can atan yazıçı olub. Onun 1980-ci illərin sonunda hazırladığı veriliş tarixin çətin dövrlərində xalqın azadlıq mübarizəsinə işıq salıb. Televiziya səhnəcikləri üçün dünya ədəbiyyatından etdiyi tərcümələri ona şöhrət qazandırıb. “Mədinənin bəlalı məhəbbəti” adlı kitabında yazıçının müxtəlif vaxtlarda dövri mətbuatda dərc olunan publisistik yazıları, hekayələri, tərcümələri, yazdığı kiçik səhnəcikləri yer alıb.
Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Təranə Arifqızı, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin baş redaktoru Əhməd Əhmədov, müəllifin qələm yoldaşları və dostları kitab haqqında öz fikirlərini bildirib, müəllifə yaradıcılıq uğurları arzu ediblər.
Sonda müəllif tədbirin təşkili üçün kitabxana rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürünü bildirib və iştirakçılara kitabını hədiyyə edib.
Təqdimatda Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, İ.Qasımov adına Naxçıvan şəhər MKS-nın, A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının, müəllifin qələm yoldaşları və dostları olmaqla 35 nəfər iştirak edib.
|
|