|
“Şəhərsalma və Memarlıq ili”
|
|
4.2.2026
|
|
04 fevral 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan edilməsi münasibətilə “Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Azərbaycan xalqı tarix boyu çoxsaylı memarlıq abidələri yaradıb. Azərbaycan memarlıq inciləri xalqımızın mənəvi zənginliyini əks etdirməklə yanaşı, dünya mədəniyyəti tarixində özünəməxsus üslubu ilə seçilib. Azərbaycan memarlığı dünya memarlığının ən mükəmməl ənənələri ilə milli xüsusiyyətləri özündə birləşdirən memarlıq məktəbinə malikdir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Azərbaycan memarlığı” və Elektron zal müdiri Heyran Talıbova “Azərbaycanın müasir memarlıq abidələri” adlı mövzularla çıxış edərək bildiriblər ki, Azərbaycanda memarlıq sənəti qədim dövrlərdən başlayaraq inkişaf edib, XIX və XX əsr mərhələlərindən keçərək zənginləşib. Azərbaycan ərazisində qədimdən insan məskənlərinin yaranması şəhərlərin əmələ gəlməsinə, müdafiə tikililərinin, əzəmətli qala divarlarının inşa edilməsinə təkan verib. Azərbaycanda X-XII yüzilliklərdə Aran, Təbriz, Naxçıvan, Şirvan kimi müxtəlif memarlıq məktəbləri yaranıb. X-XII əsrlərdə yaşayıb yaratmış bir çox Azərbaycan memarları, bənnaları Azərbaycan memarlığının ən dəyərli örnəklərini yaradıblar. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yerini tutub. Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər şəhərsalma və memarlığın inkişafında xüsusi mərhələ təşkil edib. Bu gün Azərbaycanda milli və tarixi irsin, şəhərsalma, memarlıq abidələrinin, təbii-mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanılması, mühafizəsi və zənginləşdirilməsi parlaq memarlıq ənənələrini əks etdirir.
Sonra “2026-cı il “Şəhərsalma və memarlıq ili”dir adlı sərgiyə baxış olub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 30 nəfər iştirak edib.
|
|