|
Hökumə Billuri - 100
|
|
3.3.2026
|
|
03 mart 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xalq şairi Hökümə Billurinin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, müasir poeziyanın yaranması və inkişafında görkəmli xidmətləri olan şairlərdən biri də Hökumə Billuridir. Onun zəngin və rəngarəng yaradıcılığı, milli varlığımızı təbliğ edən mübariz poeziyası söz xəzinəmizdə layiqli yer tutur.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Qeydiyyat bölməsinin müdiri Elnurə Əsgərova “Hökümə Billurinin həyat və yaradıcılıq yolu” və kitabxanaçı Əfsanə Bayramlı “Şairin şeirlərində vətən həsrəti” adlı mövzularla çıxış edərək bildiriblər ki, Hökümə Billuri 1926-cı il martın 3-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. “Azəri” qızlar məktəbində təhsil alıb və orada müəllimlik edib. İctimai-siyasi fəaliyyətə II Dünya müharibəsi illərində Azərbaycan Demokrat Partiyası Zəncan Vilayət Komitəsində başlayıb, Milli Hökumətin fəal təbliğatçılarından olub. Vətənindən uzaqda yaşamaq, bütöv Azərbaycan həsrəti ilə dolu bir həyat sürmək Hökumə Billurinin yaradıcılığına da təsir edib. Poetik yaradıcılığa hələ orta məktəb illərində başlamış Billurinin ilk şeir və məqalələri 1945-ci ildə “Azər” və “Vətən yolunda” qəzetlərində, “Azərbaycan” jurnalında, dərc olunub. Şairin əsərlərində vətən sevgisi, azadlıq arzusu və insanpərvərlik mövzuları daim ön plandadır. “Mənim arzum”, “Ölməz qəhrəman”, “Həyat yollarında”, “Mübarizə illərində”, “Şeirlər”, “Şairin yadigarı”, “Səhər günəşi”, “Səndən uzaqlarda, “İstərəm”, “Necə unudum”, “Çinar gözləyir məni”, “Bir də bahar gəlsə”, “Dünya belə dünyadır” kimi çoxsaylı şeir kitablarının və “Məhəmmədhüseyn Şəhriyar” monoqrafiyasının müəllifidir. 1984-cü ildə Hökumə Billuri Əməkdar incəsənət xadimi, 1998-ci ildə isə Xalq şairi fəxri adına layiq görülüb.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları, Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri və fəal oxucular olmaqla 34 nəfər iştirak edib.
|
|