|
9 May Qələbə Günü
|
|
7.5.2026
|
|
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında "9 May Qələbə Günü" adlı sərgi təşkil edilib.
Sərgidə 20 kitab nümayiş edilir.
Sərgidə nümayiş edilən "Azərbaycan Sovet İttifaqı qəhrəmanları" adlı kitabda Azərbaycan oğullarının yüksək vətənpərvərliyi, vətənə olan sonsuz sevgisi, Böyük Vətən müharibəsi illərindəki qəhrəmanlıqları öz əksini tapıb. "İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov: Fotolar, sənədlər və ithaflar" adlı kitabda görkəmli hərbi xadim, general-mayor Həzi Aslanovun həyat və döyüş yolu, uşaqlıq illərindən başlayaraq, hərbi məktəbdə oxuduğu dövrləri, ailə üzvləri ilə olan fotoları, İkinci Dünya Müharibəsi illərində cəbhədə çəkilmiş nadir şəkilləri toplanıb. Q. Orucovun "Azərbaycan Qafqaz döyüşlərində” adlı kitabında Azərbaycan zəhmətkeşlərinin Qafqaz döyüşləri zamanı cəbhədə göstərdikləri rəşadət, Sovet İttifaqı xalqlarının qardaşlığı, dostluğu, vətənpərvərliyi işıqlandırılır. A.Qurbaninin “Azərbaycan veteranları tarixin qızıl səhifələrində” adlı kitabında II Dünya müharibəsindən sonra təsis edilmiş SSRİ-nin ilk veteranları təşkilatının yaranmasından bu günədək Azərbaycanda veteran hərəkatının tarixindən, onun məqsəd və vəzifələrindən, apardığı məqsədyönlü işlərdən söhbət açılıb, veteranların həyat və döyüş yolundan bəhs edilib. Ə.Bağırzadənin "Azərbaycan ziyalıları Böyük Vətən müharibəsi illərində” adlı kitabında Azərbaycan ziyalılarının - alimlərin, yazıçıların, bəstəkarların, teart-kino işçilərinin Böyük Vətən müharibəsi illərində misilsiz fədakarlıqları ətraflı işıqlandırılıb. S.M.Ştemenkonun “Baş Ştap müharibə illərində” adlı kitabında müharibəni idarə edən "beyin mərkəzi"nin – Baş Qərargahın gündəlik fəaliyyəti təsvir olunub, hərbi əməliyyatların plan və mərhələləri təsvir edilib. A.Kazımzadənin "Azərbaycan kinosu və müharibə” adlı kitabı 1941-1945-ci illər müharibəsinə həsr olunub. Kitabda müharibə illərində çəkilən filmlər ("Vətən oğlu", "Bəxtiyar") və sonrakı illərdə bu mövzuya qayıdan ekran əsərləri təhlil edilib, Mehdi Hüseynzadə, Həzi Aslanov kimi qəhrəmanların obrazları canlandırılıb.
Sərgidə həmçinin, A. Quliyevin "Berlində görüşənədək!", R.Zeynalov və L.Borodetskinin "Qafqaz dağlarının ətəklərindən Berlinədək", "Cəbhə yolları", “Xatirə kitabı”, “Azərbaycan ordusunun tarixi”, V.Bağırovun “II Cahan müharibəsində Ordubad və ordubadlılar”, “Azərbaycan tarixi”, “İsrafil Məmmədov” və s. kitablar nümayiş edilir. Sərgi may ayının 16-dək nümayiş ediləcək.
|
|