|
Hərtərəfli bilik mütaliə nəticəsində mümkündür
|
|
8.5.2026
|
|
08 may 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Mütaliə Günü” ilə əlaqədar “Hərtərəfli bilik mütaliə nəticəsində mümkündür” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, kitab hər bir fərdin mənəvi dünyasının zənginləşməsində, dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynayır. Müasir dövrdə informasiya texnologiyalarının inkişafına baxmayaraq, kitabın bəşər mədəniyyətindəki yeri sarsılmazdır və mütaliə vərdişlərinin gənc nəsil arasında təbliği kitabxanaların əsas vəzifələrindən biridir. Kitabxanaların məqsədi hər bir oxucunu zəngin ədəbiyyat nümunələri ilə tanış etmək və onlara öyrənmə həvəsini aşılamaqdır.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Təhsil və mütaliə” və Oxuculara xidmət şöbəsinin müdiri Aysel Musayeva “Gələcək uğurların təməlində mütaliə dayanır” adlı mövzularla çıxış edərək bildiriblər ki, keyfiyyətli təhsilin təməli məhz mütaliə ilə qoyulur. Təhsil prosesi yalnız dərsliklərlə məhdudlaşmamalı, gənclər mütəmadi olaraq bədii ədəbiyyata müraciət etməlidirlər. Çünki mütaliə edən insan tənqidi təfəkkürə və geniş təhlil qabiliyyətinə malik olur. Mütaliə prosesində oxucu kitabın onun düşüncə tərzinə, xarakterinə necə təsir etdiyini, daxili dünyasında nələri dəyişdiyini kəşf etməyə başlayır. İ.Şıxlının, İ.Əfəndiyevin, B. Vahabzadənin, M.Arazın, Anarın, Elçinin və b. şair və yazıçıların əsərləri yeniyetmə və gənclərin tərbiyəsində böyük əhəmiyyət kəsb edir. Azərbaycan ədəbiyyatının klassik və müasir inciləri gənclərdə vətənpərvərlik hissinin güclənməsində və milli-mənəvi dəyərlərin qorunmasında böyük rol oynayır. Mütaliə mədəniyyətinin yüksəldilməsi cəmiyyətin ümumi intellektual səviyyəsinin göstəricisi kimi dəyərləndirilib. Pedaqoji, psixoloji baxımdan mütaliə yeni ideyaların yaranmasına və yayılmasına imkan yaradır, mədəni səviyyəni yüksəldir.
Sonda mövzu ətrafında müzakirə aparılıb, oxucuları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 28 nəfər iştirak edib.
|
|