|
Heydər Əliyev ideyaları həmişə qəlbimizdə yaşayacaqdır
|
|
8.5.2026
|
|
08 may 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev ideyaları həmişə qəlbimizdə yaşayacaqdır” adlı tədbir keçirilib.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, dünyada ömrünü xalqının, ölkəsinin taleyinə həsr edən şəxsiyyətlərin, liderlərin sayı elə də çox deyil. Əgər belə bir siyahı tərtib olunarsa, şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin adı sıralamada ilk yerdə olar. Çünki Heydər Əliyev bütün ömrünü xalqının, vətəninin və dövlətinin firavanlığına həsr edib, misilsiz xidmətlər göstərib. Ulu Öndər həmişə, hər zaman, ən ağır anlarda belə, xalqı ilə bir olub, xalqının səsinə səs verib.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Milli dövlətçilik tariximizdə Heydər Əliyev mərhələsi” və Kitabsaxlama şöbəsinin müdiri Xurşud Budaqova “Ulu Öndər ədəbiyyatın, mədəniyyətin hamisidir” adlı mövzularla çıxış edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin şəxsi həyatı, uşaqlıq və gənclik illəri, ömrünün bütün dövrləri gərgin zəhmətlə keçib. Onun həyatının səhifələri qeyri-adi, çoxlarına mümkünsüz görünən, qəhrəmanlara xas olan hadisələrlə xarakterikdir. Sovetlər dövründə milli təhlükəsizlik orqanlarında işləmək nə qədər şərəfli olsa da, bir o qədər çətin və məsuliyyətli idi. Heydər Əliyev çətinliklərə baxmayaraq, şərəfli həyat yolu keçib, öz fəaliyyəti, çoxlarına xas olmayan xeyirxahlığı, vətənpərvərliyi ilə şəxsiyyətini tarixiləşdirib. Ümummilli Lider Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqil Azərbaycanı bəxş etdi. Heydər Əliyevin həyat və fəaliyyəti haqqında bu günə qədər çox yazılıb, bundan sonra daha çox yazılacaqdır. Çünki, bu həyatın tarixi məqamlarını dönə-dönə insanlara çatdırmaq, qələmə almaq vətəndaşlıq borcu olmaqla bərabər, həm də gələcək nəsillərə bir nümunədir. Bu gün qazanılan bütün uğurlar, o cümlədən ərazi bütövlüyümüzün bərpası məhz Ulu Öndərin müəyyən etdiyi siyasi kursun məntiqi nəticəsidir.
Sonda Ulu Öndərin siyasi fəaliyyətinə aid filmə və sərgiyə baxış olub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 30 nəfər iştirak edib.
|
|