|
Sabir Rüstəmxanlı - 80
|
|
13.5.2026
|
|
13 may 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xalq şairi Sabir Rüstəmxanlının anadan olmasının 80 illik yubileyi münasibətilə əsərlərinin biblioqrafik icmalı keçirilib.
İcmalı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Sabir Rüstəmxanlı xalqın milli azadlıq hərəkatının ön sıralarında dayanan, öz qələmi ilə millətin dərdini, arzusunu və mübarizəsini tərənnüm edən şairdir. Ədib 90-dan çox kitabın, 4 mindən çox məqalənin müəllifi, dünya ədəbiyyatının bir sıra maraqlı əsərlərini ana dilimizə çevirən tərcüməçidir. O, bu gün də millət vəkili olaraq Azərbaycançılığın və turançılığın ən mübariz qələm sahiblərindən biri kimi ön sıradadır.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Mədəniyyət və incəsənət üzrə məlumat bölməsinin müdiri Nuridə Səfərova “Sabir Rüstəmxanlı yaradıcılığında milli özünüdərk” adlı mövzu ilə çıxış edərək bildirib ki, Sabir Rüstəmxanlı 1967-ci ildə ədəbi fəaliyyətə başlayıb. 1967–1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir, şöbə müdiri, 1978-1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru olub. Yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirib. İlk kitabı 1970-ci ildə nəşr edilib. "Ömür kitabı" adlı əsəri 1988-ci il milli azadlıq hərəkatına həsr edilib və Azərbaycanda xalqın milli duyğularının oyanmasında ciddi rol oynayıb. "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və s. kimi şeir kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemalarının və Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi", "Difai Fədailəri", "Sunami" romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə Xalq şairi fəxri adına layiq görülüb. Onun istər nəsr, istərsə də poeziya nümunələri mübariz vətənpərvərlik ruhu ilə seçilir. Ədib klassik irsimizlə müasir dövrün tələblərini vahid bir vəhdətdə birləşdirərək əsl sənət nümunələri yaradıb.
Sonra Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova müəllifin kitabxananın fondunda olan kitabları haqqında məlumat verib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 28 nəfər iştirak edib.
|
|