|
Görüş keçirilib
|
|
13.6.2026
|
|
13 iyun 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi və “Zərif Qadınlar” Ədəbi Qrupunun birgə təşkilatçılığı ilə “Zərif kölgələr” Yaradıcılıq Klubunun üzvləri ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, müəlliflərin gərgin əməyinin bəhrəsi olan hər bir yeni əsər xalqımızın mənəvi sərvətidir və bu bədii nümunələrin geniş oxucu kütləsinə təqdim olunması kitabxanaların qarşısında duran ən mühüm vəzifələrdər biridir. Bugünkü əlamətdar görüş ədəbi təfəkkürün inkişafı və zərif duyğuların geniş kütləyə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar “Naxçıvanda qadın poeziyası”, “Zərif Qadınlar” Ədəbi Qrupunun təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, jurnalist Təranə Arifqızı “Müasir ədəbi mühitdə qadın yaradıcılığı” adlı mövzularla çıxış edərək bildiriblər ki, Azərbaycan ədəbi mühitinin tərkib hissələrindən biri olan Naxçıvan ədəbi mühiti zəngin və rəngarəng yaradıcı imzaları ilə seçilir. Xüsusilə XXI əsrin ilk illərindən başlayaraq bölgədə özünü göstərən yeni ədəbi imzaların istər mövzu, istər janr, istərsə də fikir baxımından gətirdiyi yeniliklər, bütövlükdə ölkə ədəbiyyatının zənginləşməsinə öz dəyərli töhfəsini verib. Naxçıvanlı qadın yazarların yaradıcılığı milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Bu gün Naxçıvanda qadın şairlər həm də müasir üslubda, fərqli bədii ifadələrlə oxucuların qarşısına çıxırlar. Sevgi, ayrılıq, təklik və cəmiyyət problemləri müasir naxçıvanlı qadınların qələmindən çıxan şeirlərdə geniş əks-səda tapır.
“Zərif kölgələr” Yaradıcılıq Klubunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, publisist Aysel Nəsirzadə “Zərif kölgələr” Yaradıcılıq Klubunun cəmiyyətdəki rolu” adlı mövzu ilə çıxış edərək bildirib ki, “Zərif kölgələr” Yaradıcılıq Klubu artıq yeddi ildir ki, fəaliyyət göstərir. Klub tərəfindən mütəmadi olaraq tanınmış şair və yazıçıların iştirakı ilə imza günləri, kitab təqdimatları, ədəbi-bədii gecələr və “Söz Körpüsü” kimi layihələr həyata keçirilir.
Sonra klubun üzvləri, professor, şair, publisist və tərcüməçi Rəsmiyyə Sabir, şair, yazıçı, publisist və “Balaca Yazarlar Birliyinin” rəhbəri Aysel Fikrət, şair, publisist və tərcüməçi Zeynəb Cəmaləddin, şair, publisist, prezident mükafatçısı, “Qoşma” Ədəbi Məclisinin poeziya şöbəsinin rəhbəri Əzizə Ağahüseynqızı, şair, müəllimə Şəlalə Şəfəq, şair, yazıçı Sevil Gül Nur fikirlərini bölüşüb, müəllifi olduqları kitabları kitabxanaya hədiyyə ediblər.
Tədbirdə 40 nəfər iştirak edib.
|
|