|
"Oxuculara xidmət işinin təşkili"
|
|
19.6.2026
|
|
19 iyun 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxanaçı Günü” ilə əlaqədar “Oxuculara xidmət işinin təşkili” mövzusunda müzakirə keçirilib.
Müzakirəni giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq bildirib ki, oxuculara xidmət etmək üçün kitabxanaçıdan xüsusi peşəkarlıq tələb olunur. Kitabxanaçı xalqa, millətə, cəmiyyətə xidmət göstərdiyi üçün onun peşə hazırlığı, geniş dünyagörüşü, yüksək səviyyəli pedaqoji və psixoloji hazırlığının olması əsas şərtdir. Kitabxanaçının əsas keyfiyyətlərindən biri kitabxanada saxlanılan bəşəri sərvətləri oxuculara çatdırmaq məharətinə malik olmasıdır. Bu hər şeydən əvvəl kitabxana işini, onun elmi cəhətlərini, forma və üsullarını dərindən bilməyi tələb edir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Oxuculara xidmət şöbəsinin müdiri Aysel Musayeva "Oxuculara xidmət işinin təşkili” mövzusunda çıxış edərək bildirib ki, oxucuların kitabxana ilə ilk tanışlığı Qeydiyyat bölməsindən başlayır. Oxucular həm ənənəvi, həm də elektron qaydada qeydiyyata alınır. Oxucuların qeydiyyatı qeyd kartoçkasında aparılır. Qeydiyyat jurnalında oxucunun adı, soyadı, atasının adı, doğulduğu il və s. haqqında məlumatlar qeyd olunur. Oxucular Abonement və Musiqi-not şöbələrindən istədikləri ədəbiyyatı alıb həm kitabxanada, həm də kitabxanadan kənarda istifadə edə bilər. Hər bir yeni oxucuya kitabxana qaydaları haqqında məlumat verilir. Kitab verilişi zamanı kitabxanaçı verilən kitabları qeydə alır, qaytarılmış kitabları qəbul edir, onları ayırıb KBT-yə əsasən elm sahələri üzrə rəflərə yığır.
Sonra elektron lövhədə mövzu ilə bağlı slayd nümayiş edilib, verilən suallar cavablandırılıb.
Müzakirədə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları olmaqla 26 nəfər iştirak edib.
|
|