|
26 İyun Silahlı Qüvvələr Günü
|
|
25.6.2026
|
|
25 iyun 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında "26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü" adlı sərgi təşkil edilib.
Sərgidə ordumuzun keçdiyi tarixi inkişaf mərhələlərini, 44 günlük Vətən müharibəsində iştirak edən qəhrəman oğullarımızın şücaətini əks etdirən 27 kitab nümayiş edilib.
Sərgidə nümayiş edilən İ. Əliyevin çoxcildli "İnkişaf məqsədimizdir" adlı 109-cu vǝ 111-ci kitablarında Ali Baş Komandan İlham Əliyevin yüksək siyasəti və qətiyyəti sayəsində rəşadətli ordumuzun döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edilir. 5 cilddən ibarət olan M. Süleymanovun "Azərbaycan ordusunun tarixi" kitabında Xalq Cümhuriyyəti dövründən başlayaraq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğunun tarixi araşdırılıb. "Hərb məharəti tarixi" kitabında ən qədim dövrlərdən başlayaraq XX əsrin əvvəllərinə qədər Azərbaycan hərb tarixinin ən maraqlı nümunələri araşdırılıb, hərb sahəsinin inkişaf xüsusiyyətləri təhlil edilib. V. Əsgərovun "Azərbaycanın Milli Qəhrəmanları" kitabında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş 211 Milli Qəhrəmanın həyat və fəaliyyətindən, keçdiyi döyüş yolundan söhbət açılır. A. Qurbaninin "Cəbhə bölgəsi" kitabında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın ordu quruculuğundakı misilsiz xidmətlərindən, cəbhə bölgəsində vətən, xalq, dövlət birliyindən, hərbçilərimizin uğur və nailiyyətlərindən bəhs edilir. "Vətən mücahidləri" kitabında Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş igid oğullarımızın döyüşdə keçdiyi çətin və şərəfli yoldan bəhs edilir. M. Hacıyevanın "Zöhrə Ulduzum" kitabı 2020-ci ildə həyata keçirilmiş "Dəmir yumruq Əməliyyatı" adlı 44 günlük şanlı zəfərimizə və Qarabağı işğaldan azad edən rəşadətli ordumuzun qəhrəman qazi və şəhidlərinə həsr edilib.
Sərgidə həmçinin, "Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illiyinə həsr edilmiş "Sərkərdə ömrü", Q. Hacıyev və Ə. Çingizoğlunun "Qarabağlı hərbçilər", S. Şirinovun "Xüsusi təyinatlı", E. Yurdoğlunun "İki şəhid- iki zirvə", İ. Əlilinin "Vətənin cəsur döyüşçüləri", R. Nəcəfovanın "İşğaldan qələbəyə 44 addım", T. Arifqızının "Qarabağda 44 gün", Y. Məğrurun "Gəlirəm, Qarabağ...", Ə.Şıxlınskinin “Xatirələr” və s. kitablar yer alıb.
Sərgi İyul ayının 2-dək nümayiş ediləcək.
|
|