|
"Mütaliəni gündəlik vərdişə çevirək!"
|
|
14.8.2026
|
|
14 avqust 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksində “Mütaliə Günü” ilə əlaqədar “Mütaliəni gündəlik vərdişə çevirək!” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, cəmiyyətin mənəvi bünövrəsini mütaliə formalaşdırır. Mütaliə edən insan hadisələrə daha geniş bucaqdan baxır və azad düşünmə qabiliyyəti əldə edir. Müasir dövrün tələblərini nəzərə alaraq, mütaliə etmək hər bir fərd üçün vacibdir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Hər gün oxumağın yaddaşa faydaları” və biblioqraf Nəzmiyyə Həsənova “Mütaliə vərdişinin şəxsiyyətin formalaşmasında rolu” adlı mövzularla çıxış edərək bildiriblər ki, müntəzəm mütaliə beyin hüceyrələrinin fəallığını artıran və yaddaşı gücləndirən ən təsirli zehni idmandır. Hər gün azı 15–20 dəqiqə kitab oxumaq beyni möhkəmləndirir, diqqəti toplamaq qabiliyyətini artırır, zehni yorğunluğu və stressi azaldaraq informasiyanı mənimsəmə imkanlarını dəfələrlə genişləndirir. Mütaliə insanın yalnız bilik səviyyəsini artırmır, həm də onun mənəvi dünyasını zənginləşdirir, dünyagörüşünü saflaşdırır və empatiya hissini gücləndirir. Düzgün seçilmiş kitablar fərdin düşünmə bacarığını inkişaf etdirərək onu yetkin, özünəinamlı və cəmiyyət üçün faydalı bir şəxsiyyət kimi formalaşdırır. Mütaliə edənlər həmişə başqalarından fərqlənirlər. Mütaliə edən cəmiyyətlərdə insanlar bir-birinə qarşı daha anlayışlı olur, problemləri zorakılıqla deyil, sağlam dialoqla həll etməyə çalışırlar. Bir sözlə, gündəlik mütaliə adəti qazanmaq zəngin daxili aləmə, sağlam düşüncəyə və işıqlı sabahlara atılan ən böyük addımdır.
Sonra mövzu ətrafında müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda ekskursiyaçı Jalə Mirzəyeva tədbir iştirakçılarına muzeyin eksponatları haqqında məlumat verib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksinin əməkdaşları olmaqla 12 nəfər iştirak edib.
|
|