|
"Mütaliə bizə nə qazandırır?"
|
|
9.10.2026
|
|
09 oktyabr 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin birgə təşkilatçılığı ilə “Mütaliə Günü” ilə əlaqədar “Mütaliə bizə nə qazandırır?” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, mütaliə insanı kamilləşdirir, nitq və qabiliyyətini inkişaf etdirir, insanın mənəvi aləmini saflaşdırır. Bu səbəbdən, mütaliə şəxsi inkişafın ayrılmaz hissəsi kimi dəyərləndirilir.
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kitabxana müdiri Nərmin Cəfərova “Mütaliə - bilik və dünyagörüşünün əsas mənbəyi”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Mütaliənin əhəmiyyəti və gəncliyə qazandırdıqları”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin biblioqrafı Nəzmiyyə Həsənova “Vətənpərvərlik tərbiyəsində və milli şüurun formalaşmasında mütaliə” adlı mövzularla çıxış edərək bildiriblər ki, hərbi sahədə xidmət edən gənclərimiz və kursantlarımız üçün mütaliə xüsusi əhəmiyyət kəsb edir. Çünki əsgər və zabitərimiz yalnız fiziki baxımdan deyil, həm də yüksək intellektual səviyyəsi, geniş dünyagörüşü və təfəkkürü ilə də fərqlənməlidir. Mütaliə edən şəxs mürəkkəb vəziyyətlərdən çıxış yolu tapmağı, insan psixologiyasını anlamağı və dünyada baş verən proseslərə obyektiv qiymət verməyi bacarır. Oxuyan gənc aldanmaz, yad təsirlərə düşməz, öz fikrini sərbəst və əsaslandırılmış şəkildə ifadə edə bilər. Tariximizi, ana dilimizi, mədəniyyətimizi və qəhrəmanlıq salnaməmizi öyrənməyin ən doğru yolu məhz mütaliədən keçir.
Sonra videoçarx nümayiş edilib, mövzu ətrafında müzakirələr aparılıb.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin əməkdaları və kursantlar olmaqla 38 nəfər iştirak edib.
|
|