|
"Müharibə xatirələri qazilərin dilindən"
|
|
16.10.2026
|
|
16 oktyabr 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şairə Rəqsanə Tapdıqlının “Müharibə xatirələri qazilərin dilindən” adlı kitabının müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, “Müharibə xatirələri qazilərin dilindən” adlı kitabı müəllifin sayca 4-cü kitabıdır. Bu kitabda qazilərimizin xatirələri, döyüş yolu və göstərdikləri şücaət qələmə alınıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar “Rəqsanə Tapdıqlının vətənpərvərlik missiyası”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Vətən müharibəsi” qazisi Təbriz Zeynalov “44 günün unudulmaz anları”, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Zərif Qadınlar Ədəbi Məclisinin təsisçisi, şair, publisist Təranə Arifqızı “Qazilərimizə olan mənəvi borcumuz və bu kitabın dəyəri”, Culfa rayon Ərəfsə kənd tam orta məktəbinin tarix müəllimi, müəllifin həyat yoldaşı Elçin Nəcəfov “Kitabın tarixi baxımdan dəyəri” adlı mövzularla çıxış edərək bildiriblər ki, Rəqsanə Tapdıqlı bu nəşrdə özünəməxsus üslub seçərək 44 qazimizin həyat və döyüş yolunu oxuculara təqdim edib. Kitabın iki hissədən ibarət olması və hər bölmədə 22 qazinin yer alması 44 günlük Zəfərimizə simvolik bir töhfədir. Hər bir xatirədə Vətən sevgisi, fədəkarlıq, mübarizə əzmi, dostluq və birlik hiss olunur. Bu gün qürurla yaşadığımız Zəfərin arxasında məhz belə igid Vətən oğulllarının göstərdiyi şücaət dayanır. Bu Zəfər eyni zamanda xalqımızın sarsılmaz birliyinin, dövlətimizin gücünün, Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin və rəşadətli Azərbaycan Ordusunun şücaətinin nəticəsidir.
Sonra şəhid analarından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülşad Rüstəmova, Həqiqət Quliyeva, Rəna Hüseynova, qazilərdən Vaqif Şahsuvarov, Əbülfəz İsmayıl, İlkin Baxşəliyev, Naxçıvan ədəbi mühitinin üzvlərindən Süsən Kərimli, İman Nami, Əzizə Həsənova və s. nəşrlə bağlı fikirlərini bölüşüb, müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonda mövzu ilə bağlı slayd nümayiş olunub və müəllif kitabını iştirakçılara təqdim edib.
Tədbirdə 40 nəfər iştirak edib.
|
|